ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilibbackend

ABŞ ştatında 28 May “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-ın Arizona ştatının paytaxtı Finiks (Phoenix) şəhəri 28 Mayı “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, bununla bağlı şəhər meri Keyt Qayeqo tərəfindən bəyannamə imzalanıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı vurğulanıb.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilib. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb.

Bəyannamədə bütün dünyada yaşayan milyonlarla azərbaycanlının 28 May tarixini Azərbaycanın Milli Günü kimi bayram edərək, öz əcdadlarının ətraf regionlarda, o cümlədən Mərkəzi Asiya və Yaxın Şərqdə demokratiyanın yayılmasına verdiyi töhfələri xatırladığı və ölkəmizin azad və müstəqil dövlət kimi önəmli uğurlarını qeyd etdiyi bildirilib.

Bəyannamənin sonunda mer K.Qayeqo 28 May tarixini Finiks şəhərində “Azərbaycan Milli Günü” elan edib və şəhər sakinlərini bu bayramı və Azərbaycanın uğurlarını qeyd etməyə çağırıb.

Qeyd edək ki, 1,6 miyonluq əhalisi olan Finiks şəhəri ABŞ-da əhali sayına görə beşinci ən böyük şəhərdir.

  •  (0)
  •  (0)