Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədibackend

Azərbaycanda dəhşətli hadisə: Yüngül həyat tərzi keçirməsindən şübhələndiyi qızını zəncirlədi

İyulun 9-da saat 21 radələrində Biləsuvar rayonu, Zəhmətabad kənd sakini Adil Həbiyevin yaşadıqları evdə qızını zəncirlə bağlı vəziyyətdə saxlaması, habelə onu döyüb işgəncə verməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal Adil Həbiyevin yaşadığı evə baxış keçirilərkən bədəni üzərində müxtəlif xəsarətlər olan Bağdagül Həbiyeva evin yataq otağında zəncirlə bağlı vəziyyətdə aşkar edilib.

Bununla bağlı Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.

Araşdırmalarla 1970-ci il təvəllüdlü Adil Həbiyevin doğma qızı, 2013-cü ildən ailəsindən boşanaraq onunla birlikdə yaşayan, 1989-cu il təvəllüdlü Bağdagül Həbiyevanın yüngül həyat tərzi keçirməsindən şübhələndiyinə görə cari il aprelin 2-dən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən yaşadıqları evin yataq otağında zəncirlə bağlayıb qanunsuz azadlıqdan məhrum edərək sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Həbiyev qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib və zəruri istintaq hərəkətləri keçirilib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  •  (0)
  •  (0)