İqbal Ağazadə icra başçısına niyə qəzəbləndi?backend

İqbal Ağazadə icra başçısına niyə qəzəbləndi?

İcra Hakimiyyəti Xətai rayonu ərazisində sosial problemləri həll edir, deputatlığa namizəd isə seçicilərə pislik edərək, görülən işlərə mane olmağa cəhd göstərir
 
Ümid Partiyasının sədri, 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş İqbal Ağazadənin Xətai Rayon İcra Hakimiyyətinə ünvanlı qəzəbli, şantaj elementlərini də özündə ehtiva edən video-müraciəti yayılıb.

İqbal Ağazadə müraciətində Xətai rayonu ərazisində abadlıq, təmir-bərpa işləri aparan rayon icra hakimiyyətindən bu işləri dayandırmasını tələb edir. Səbəbini isə belə izah edir ki, mətbuat bu problemləri yazdıqdan sonra icra hakimiyyətinin həmin problemləri həll etməsi … seçki prosesinə müdaxilədir.
Heç şübhəsiz ki, İqbal Ağazadə mətbuat dedikdə “Yeni Müsavat” qəzetini nəzərdə tutur.

OnlinePress.az xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun təsisçisi Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəddir. O, imzatoplama kampaniyasında şəxsən iştirak edib və təbii olaraq bu prosesə “Yeni Müsavat”ın müxbirləri də qatılıblar və imza yığıblar. Bəlli məsələdir ki, nəinki imzatoplama, seçki prosesində, hətta bir jurnalist hansısa məclisə, kəndə, rayona qonaq gedəndə də vətəndaşlar ona dərdini, problemini danışır və kömək istəyir.

Musavat.com saytının son 2 həftə ərazində Xətai rayonu ərazisindəki problemlərlə bağlı yazdığı yazılardan da aydın olur ki, Rauf Arifoğlu və onun təsisçisi olan media qrupunun əməkdaşları imza toplayarkən vətəndaşlar həm də öz sosial problemlərini çatdırmaq üçün fürsət qazanıblar.
Qeyd edək ki, əslində ölkədə fəaliyyət göstərən əksər qəzet və saytlar, o cümlədən də televiziyalar hər zaman sosial problemlərə yer ayırıb və vətəndaşların şikayətlərini işıqlandırmağa xüsusi həssaslıq göstərib. Bu materiallara isə Prezidentin son dövrlər apardığı sosialyönümlü siyasətin təsiri nəticəsində icra hakimiyyətləri diqqətli yanaşmağa başlayıblar.

Bunu əhali də fərq edib. Ona görə də indi hamı çalışır ki, onun problemi mütləq mətbuat səhifələrinə çıxsın. Heç şübhəsiz ki, Xətai rayonunun 35-ci dairə ərazisində yaşayan sakinləri də yol, kanalizasiya, işıqlandırma, zirzəmi və digər problemlərini fürsət ikən əraziyə imza toplamağa gələn jurnalistlərə çatdırıblar.

Əslində sevindirici haldır ki, Xətai Rayon İcra Hakimiyyəti bu sosial problemlərə ciddi reaksiya verir və imkan daxilində həll etməyə başlaylb. O da sirr deyil ki, son 1 ildə Xətai Rayon İcra Hakimiyyətinin fəaliyyətində əhəmiyyətli bir dəyişiklik var. Xətai Rayon İcra Hakimiyyətinin yeni başçısı Rafiq Quliyev bu vəzifəyə təyin edildiyi gündən rayonun sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılıb. Əvvəlki icra başçısının dövründən yığılıb qalan problemlər o qədər çoxdur ki, Rafiq Quliyev həm vətəndaşlarla görüşündə, həm də jurnalistlərə çağırışında sosial problemləri icra hakimiyyətinin diqqətinə çatdırmaqda yardımçı olmağı bir neçə dəfə xahiş edib.

İndi faktiki olaraq icra hakimiyyəti yalnız öz işi ilə məşğuldur: mətbuatda ərazidəki problemlər işıqlandırılır və icra hakimiyyəti onları həll edir.

İqbal Ağazadə isə buna görə icra hakimiyyətini açıq şəkildə şantaj və təhdid edir.
Əlbəttə, bu da səbəbsiz deyil. Görünür, seçki prosesinin ilk raundunda başa düşüb ki, rəqibi – Rauf Arifoğlu onu bütün parametrlər üzrə üstələyib. Artıq indidən məğlubiyyətini, rəqibindən çox geridə qaldığını, uduzduğunu başa düşən İqbal Ağazadənin qəzəbinin səbəbini də şübhəsiz ki, burada axtarmaq lazımdır.  
O, qəzəbini “Yeni Müsavat”ın təkcə 35-ci dairə ərazisində deyil, bütövlükdə Xətaiyə aid qabartdığı sosial problemləri həll edən icra hakimiyyətini “şantaj” və “təhdid” etməkdə görürsə, burada da yanılır. Hirsli başda ağıl olmaz, deyiblər. O, yəqin fərqində deyil ki, bu “təhdid” və “şantajı” da icra hakimiyyətinin xeyrinədir: Təki bütün icra hakimiyyətləri vətəndaşların diqqətə çatdırdığı, medianın işıqlandırdığı sosial problemlərə bu şəkildə reaksiya və həllinə qərar versin. Bu, faktiki olaraq ölkə rəhbərliyinin də çıxışlarında vurğuladığı bir məqamla üst-üstə düşür. Prezident İlham Əliyev də çıxışlarında vətəndaşları fəal olmağa, problemlərini söyləməkdən çəkinməməyə çağırıb. Və dövlət başçısı onu da deyib ki, sağlam medianın jurnalistləri onun köməkçiləridir. Problemləri vətəndaş diqqətə çatdırıb, media işıqlandırıb, icra hakimiyyəti isə həssas bir dönəmdə operativ reaksiya verərək, həll edir. İqbal Ağazadə isə … sosial problemləri həll edən icra başçısı şantaja cəhd göstərir…
 
Bu hərəkəti ilə İqbal Ağazadə həm də Xətai rayon sakinlərinə, xüsusi ilə 35 saylı Xətai üçüncü Seçki Dairəsində yaşayan seçicilərə böyük pislik edir. İcra hakimiyyətini şantaj edir ki, niyə vətəndaşların media vasitəsi ilə müraciətinə reaksiya verərək,  yolları, binaların damını, zirzəmisini təmir edir, abadlaşdırır, küçələri işıqlandırır.
Görünür, İqbal Ağazadəni vətəndaş və seçicinin problemi deyil, yalnız özünün maraqları düşündürür. Əgər belə olmasaydı, o, vaxtı ilə bu dairədən deputat olanda da Xətai Rayon İcra Hakimiyyətini tənqid edərdi. Hansı ki, həmin müddət ərzində o, rayon ərazisində baş verən özbaşınalıqlara susub və bir kəlmə də olsun danışmayıb. İndi isə yeni, mütərəqqi icra başçısını şantaja cəhd göstərir…

Yeri gəlmişkən, həmin vaxtlarda Rafiq Quliyev Xətai rayonunda icra hakimiyyəti başçısının birinci müavini işləyib. Əgər İqbal Ağazadə belə “danışan” idisə, hansısa “faktlara” malik idisə, o zamanlar niyə Rafiq Quliyev haqda danışmırdı? Deməli, indi məqsədi yalnız şantajdır.

Buna görə isə qanunvericilikdə ağır məsuliyyət nəzərdə tutulur…

  •  (0)
  •  (0)