Koronavirus xəstələrinə qulluq edən könüllü həkimlərə nəzərdə tutulan məbləğ ödənilmir? – RƏSMİ AÇIQLAMAbackend

Koronavirus xəstələrinə qulluq edən könüllü həkimlərə nəzərdə tutulan məbləğ ödənilmir? - RƏSMİ AÇIQLAMA

Koronavirus infeksiyası ilə mübarizə çərçivəsində könüllü olaraq karantin rejimi şəraitində mübarizəyə cəlb edilən Akademik C.M.Abdullayev adına Elmli-Tədqiqat Kardiologiya İnstitutunun işçi heyəti işlədikləri dövrə uyğun aylıq əməkhaqqını almadıqlarını bildirirlər.

OnlinePress.az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan müraciətdə qeyd olunub.  Sözügedən qurumun işçi heyəti “Atletlər kəndi”ndə yaradılan xüsusi karantin bölgəsində çalışırlar.

Həkim iddia edir ki, bəzi şəxslər bu vəziyyətdən sui-istifadə etməyə çalışırlar:

“Belə ki, burada işçilərin Nazirlər Kabinetinin könüllülərə əməkhaqqının ödənilməsi haqqında qərarına zidd hadisələr baş verir. İşçilərə əməkhaqqının işlədiyi növbəyə uyğun ödənilməsi nəzərdə tutulub, lakin İnstitutun işçilərinin əmək haqları kəsilir və daha az ödəniş edilir. Növbələrin sayına müvafiq ödənilməli olan əməkhaqqı verilmir. Əksər işçilərin əmək haqları kəsilib və tam ödənilməyib. Son olaraq bildirilib ki, ay ərzində işləyərək əməkhaqqı almaq istəyirsinizsə, ən az 15 növbə çalışmalısınız və sizə 13 növbənin ödənişi ediləcək. İşçilərə edilən bu tərz açıqlamaların və kəsintilərin səbəbinin araşdırılmasını, günahkarların tapılmasını və tibb işçilərinin haqqı olan maaşların düzgün ödənilməsinin təmin edilməsini sizdən xahiş edirik”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta Agentliyinə sorğu ünvanladıq. Agentlikdən sorğumuza cavab olaraq bildirilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərin əməyinin ödənilməsi şərtləri Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarı ilə tənzimlənir:

“Yalnız koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilərə iş vaxtına/saatına mütənasib olaraq müddətli əlavə ödənilir. Nazirlər Kabinetinin “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin və könüllülərin əməyinin ödənilməsi barədə” sərəncamına uyğun olaraq, mübarizə tədbirlərinə cəlb edilən könüllülərə aylıq 250 AZN məbləğində müddətli əlavə ödənilir. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır”.

  •  (0)
  •  (0)