Narkotacir heroini Qobustanda daş altında gizlədib – DETALLARbackend

Narkotacir heroini Qobustanda daş altında gizlədib - DETALLAR

Bakının Qaradağ rayonunun polis əməkdaşları üç kiloqramdan artıq narkotik maddə aşkar ediblər.

Rayon Polis İdarəsindən  verilən məlumata görə, onlar ötən ilin dekabrında tutulan narkotik alverçisi, Cəlilabad rayon sakini Teymur Əhmədovla bağlı aparılan axtarış-əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

Qeyd edək ki, əvvəllər Rusiya və Azərbaycanda məhkum olunmuş 40 yaşlı T.Əhmədov dekabrın 1-də qanunsuz narkotik məhsullarının satışı, hədə-qorxu və şantaj yolu ilə pul tələb etməkdə şübhəli bilinərək tutulub.

Onun “Hyundai” markalı avtomobilində aparılan axtarış zamanı 455 qram heroin, elektron tərəzi və balta, mənzilindən isə içərisində 12 ədəd patron olan “Kalaşnikov” avtomatı aşkar edilərək götürülüb.

Bundan əlavə, T.Əhmədovun Cəlilabad şəhər sakinini sosial şəbəkələrdə böhtan xarakterli məlumatların yayılması ilə hədələyərək, ondan 50 min manat pul tələb etdiyi və onun “VAZ-2109” markalı avtomobilini qarət etdiyi müəyyən edilib.

İstintaq zamanı məlum olub ki, T.Əhmədov həbs olunmadan öncə satdığı dərmanların bir hissəsini Qobustan ərazisində böyük bir daşın altında gizlədə bilib.

Yanvarın 23-də əməliyyatçılar göstərilən yerdə 2 kiloqram 590 qram heroin və 555 qram tiryək aşkar ediblər.

Faktla bağlı araşdırmalar davam edir.

 

OnlinePress.az

  •  (0)
  •  (0)