Nazirlik rəsmiləri koronavirusla bağlı ictimaiyyətə müraciət etdilərbackend

Nazirlik rəsmiləri koronavirusla bağlı ictimaiyyətə müraciət etdilər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova ictimaiyətə COVID-19 pandemiyası ilə bağlı müraciət edib. O, həmkarlarını tezliklə vahid cəbhədə birləşməyə, daha çox itkilər olmadan bu bəla ilə mübarizəyə səsləyib.

Müraciətdə deyilir:

“Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin.

Hörmətli həmkarlar! Hamımız üçün çox üzücü və olduqca çox təhlükəli bir xəstəliklə üz-üzəyik. Pafossuz, mübaliğəsiz.

Kimisə inandırmaq üçün deyil, həqiqətən, real durumu anlatmaq üçün deyirəm. Gündəlik eşitdiyim xəbərlər, yaxın və uzaq çevrəmizin sağlamlığı barədə narahatlıq, nəhayət, insanların laqeydliyi və vəziyyətin kritik həddə çatması məni də dillənməyə vadar edir. İki həftə əvvəl bu xəstəlikdən yaxın rəfiqəmi itirdim və çox üzüldüm. Bundan sonra kimlərinsə etinasızlığı səbəbindən bir daha itirmək istəmirəm.

Hər gün daha da həyəcanlı, üzücü xəbərlər alırıq. Nəticələr çox qorxuludur. Hər gün 300-dən yuxarı xəstə sayı nə deməkdir? Çox qorxuram, çox narahatam. Əzizlərim üçün, yaxınlarım üçün, həmkarlarım üçün, xalqım üçün.

Fikirləşirəm ki, xəstələnənlərin ətrafı, onların yaxınları, yaxınlarının yaxınları və belə bir zəncirvari davam.

Nə ilə bitəcək bu? Allah qorusun, virusun yayılması bu cür davam edəcəksə, az bir vaxtda bu bəlanın hamımıza toxunacağınımı gözləməliyik? Məncə yox! Ölkənin bütün qurumlarının mətbuat xidmətlərini təmsil edən hörmətli həmkarlarım, gəlin, biz ümumi bir bəyanatlamı, müraciətləmi çağırış edək, “inanmayan” çoxluğu, başqalarının həyatına “qəsd” etməsinlər, deyə qınayaq.

Yaxud da öz tərəfimizdən bu gün həyəcanla acılarını paylaşan həmkarımız, TƏBİB-in mətbuat katibinin depressiv durumuna dəstək olaq. Hər iki halda biz, ictimaiyyətin məlumatlandırılmasına məsul şəxslər olaraq, həm təmsil etdiyimiz qurumun çoxsaylı kollektivinin sağlamlıq təhlükəsi ilə üzləşdiyi barədə vacib olan çağırışla vəzifəmizi yerinə yetirmiş olarıq, həm də hər kəsi çaşdırmağa xüsusi həvəsli olan bəzi “inamsızların” yanlışlıqlarının, çaşdırıcı məlumatlarının yayılmasına maneə yaradarıq.

Hörmətli həmkarlar, təklif edirəm ki, ən yaxın zamanda birgə bəyanat hazırlayaq, həm bir vətəndaş olaraq, həm də vəzifə borcumuz kimi, düçar olduğumuz bəladan ən az itkilərlə uzaqlaşmaq üçün öz səsimizi qaldıraq.

Özünü təcridin, sosial məsafənin, özünü qorumaq vasitələrinin həyati vacibliyini bir daha səsləndirək və heç olmasa yaxın çevrəmizə çatdıraq ki, özünü virusdan qorumayan bir nəfər yüzlərin həyatına qəsd edir, millətinin, xalqının, ən nəhayət öz yaxınlarının təhlükəsizliyinə təhdid yaradır.

Biz, bu bəladan qorunmağı bacaran nə gürcülərdən, nə də digər xalqlardan acız deyilik. Birləşək, bir-birimizin qədrini bilib, duyarsızlıq göstərmədən bu çətin vəziyyətdən çıxaq. Gözləməyək ki, xəstəlik və ölümlər evimizə bədbəxtlik gətirsin. Məsuliyyətsiz insanların günahı ucbatından günahsız insanlar bu bəlanın qurbanı olsun”.

Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova da həmkarının müraciətinə qoşulub.

O bildirib ki, bacısı da koronavirusa yoluxanların müalicəsində iştirak edir:

“Mənim kiçik bacım Aytən Nəzirova Mərkəzi Gömrük Hospitalında çalışır. Artıq neçə gündür ki, digər tibbi heyətlə bərabər COVID-19 infeksiyasına yoluxmuş insanların sağalması üçün mübarizə aparırlar.

Onun iki körpə balasının anaları üçün necə darıxdığının, bacımın yorğunluğunun, üzünün şişinin, narahatlığının hər gün şahidi oluram. Bu cür əziyyət çəkən, ailəsindən uzaq düşən yüzlərlə həkim var.

Onlar biz yaşayaq deyə öz həyatlarını riskə atan insanlardır. Heç olmazsa, onların balalarını gözünüzün önünə gətirin. Daha məsuliyyətli olaq. Maska taxaq, məsafə saxlayaq. Əfsuslar olsun ki, hələ də alış-veriş mərkəzlərində məsafə saxlayanların növbəsinə – “Bu boyda məsafə saxlayarlar?” deyib aqressiv şəkildə girənlər də var, sən məsafə saxlayanda sənə ironik baxıb gülənlər də.

Amma heç kim, heç nədən sığortalanmayıb. Bu xəstəlik ailənizə gəlib çatmamış, sevdiklərinizi sizdən ayırmamış ayılın. Axı siz kimi isə və ya kimsə sizi yoluxdursa, onun vicdan əzabından qurtulmaq olmayacaq”.

  •  (0)
  •  (0)