Ölkənin baş infeksionisti: “Süni tənəffüs aparatlarında çatışmazlıq yarana bilər”backend

Ölkənin baş infeksionisti: “Süni tənəffüs aparatlarında çatışmazlıq yarana bilər”

“Təəssüf ki, bu gün Azərbaycanda kritik vəziyyətdə olan xəstələrimiz var. Yoluxmaların sayı stabil olaraq artır. Belə davam edərsə, xəstəxanalarda çarpayı yerləri, süni tənəffüs aparatlarında çatışmazlıq yarana bilər”.

OnlinePress.az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev “Real” TV-yə müsahibəsində deyib.

O bildirib ki, koronavirus ötən aylarla müqayisədə, bu gün daha ağır forma alıb:

“Artıq xəstəlik cavanlar arasında da sürətlə yayılmağa başlayıb. Onlardan biri də hamımızın sevimlisi, Əməkdar artist Bəhram Bağırzadədir. Ümumiyyətlə, bu virus paralel digər xəstəlikləri olan insanlarda daha ağır nəticələr verə bilir. Amma bu gün koronavirus mutasiyaya uğrayıb və hətta cavan, heç bir digər xəstəliyi olmayan şəxslərdə də ağırlaşmaların olması qaçılmazdır”.

C.İsayev qeyd edib ki, hava-damcı yolu ilə keçən infeksiyanın qısa müddətdə aradan qaldırılması qeyri-mümkündür:

“Məqsədimiz bu infeksiyanı tam aradan qaldırmaqdır. Lakin bu, mümkünsüzdür. Mövcud səhiyyə sisteminin bunun öhdəsindən gələ bilməsini təmin etmək lazımdır. Bunun üçün isə insanlar arasında ünsiyyəti minimuma endirmək vacibdir. Tək yol insanlar arasında yoluxma hallarının dinamikasına nəzarət edə bilməkdir.

Buna nəzarət edə bilsək, infeksiyaya qarşı vaksin hazırlanan qədər zaman qazana bilərik. Bütün bunları kompleks şəkildə aparmalıyıq. İnsanlar məsuliyyətli olmalıdır ki, digər şəxslərin həyatını riskə atmasınlar. İnanmayan olsa belə, qoyulan qaydalara könüllü şəkildə əməl etsinlər”.

 

OnlinePress.az

  •  (0)
  •  (0)