Qarxun kəndində baş verən yanğında şəhid ailəsinin evi də yanıbbackend

Qarxun kəndində baş verən yanğında şəhid ailəsinin evi də yanıb

Quba rayonu Qarxun kəndində baş verən yanğında maddi zərər görmüş ailələrə yardım edilib.

Bu barədə  Quba Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, Qarxun kəndində baş verən yanğında 3 ev yanaraq kül olub:

“Fevralın yeddisi rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndində ot tayasından başlayan yanğın geniş əraziyə yayılıb. Hadisə nəticəsində üç yaşayış evi, altı tövlə və dörd ot tayası yanıb. Ailələrə dəymiş ziyanın müəyyən hissəsi İcra Hakimiyyətinin daxili imkanları hesabına ödənilib. Hadisə yerinə baş çəkən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev yanğın zamanı zərərçəkən ailələrə yardım ediləcəyini bildirib.

Kəskin hava şəraiti ilə əlaqədar kənddə hər hansı tədbir görmək olmur. Ucqar dağ kəndidir. Hava şəraiti bir qədər normallaşdıqdan sonra ərazidə zəruri işlərin görülməsinə başlanılacaq. Ucqar dağ kəndində ailələrin çoxu heyvandarlıqla məşğuldur. Müvəqqəti olaraq ot alınması üçün ailələrə müəyyən məbləğdə pul ödənilib. Bütün bunlar icra hakimiyyətinin diqqətində saxlanılır. İstər şəhid ailəsi olsun, istərsə də digər şəxslər, hadisə nəticəsində maddi ziyan dəymiş ailələrin hər birinə yardım göstəriləcək”.

Xatırladaq ki, fevralın 7-si rayon mərkəzindən 75 kilometr aralıda yerləşən Qarxun kəndindəki yanğın ot tayasından başlayıb. Qısa zamanda genişlənən alov yaxınlıqdakı evlərə keçib. Nəticədə 100 və 80 kvadratmetr olan iki ev, sahəsi 100 kvadratmetr olan digər evin 30 kvadratı, eləcə də ümumi sahəsi 120 kvadratmetr olan 6 tövlə və 4 ot tayası yanıb.

Yanğın hadisəsində yanan evlərdən biri də şəhid Bayramov Famil Rafiq oğlunun ailəsinə məxsus olub. Famil 1994-cü il yanvarın 20-də Tərtər uğrunda gedən döyüşlərdə şəhid olub. Ev yananda şəhidin bütün xatirələri də yanıb kül olub.

  •  (0)
  •  (0)