Sabunçu RİH-dən narazı sakinlərə cavabbackend

Sabunçu RİH-dən narazı sakinlərə cavab

Sabunçu Rayon İcra Hakimiyyəti 9-cu mədən ərazisində yaşayan bir qrup narazı Zabrat qəsəbə sakininin iddiasına cavab verib.

İH-dən OnlinePress.az-a daxil olan məlumata görə, Sabunçu rayonu Ramana qəsəbəsi, 9-cu Mədən küçəsi, ev 28, 11-ci Mədən küçəsi, ev 14 və 12-ci Mədən küçəsi, ev 45 ünvanlarında yerləşən yaşayış binaları 1901-1904-cü illərdə Nobel qardaşları tərəfindən mədən zonasında inşa edilib və uzun illər boyu heç bir təmir işləri aparılmadığından yaşayış üçün tam yararsız vəziyyətə düşüb. 2 mənzilin isə daşıyıcı konstruksiyaları uçub:

“Qeyd olunan binaların mövcud vəziyyəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən qəzalı vəziyyətdə olmaları barədə 2015-ci ilin oktyabr ayında müvafiq aktlar tərtib edilib.

Bu binalarda yaşayan sakinlərin həyati üçün təhlükəni nəzərə alaraq, 2020-ci ildə onların köçürülməsi gündəmə gəlib və Bakı Şəhər İcra başçsının 89 saylı 04.05.2020-ci il tarixli Sərəncamına əsasən binalarda yaşayan sakinlərin köçürülməsi Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilib.

Sökülməsi nəzərdə tutulmuş binalardan köçürülən sakinlərə nağd formada kompensasiyaların verilməsi praktikası göstərir ki, onların əksəriyyəti əldə olan vəsaitə heç bir hüquqi sənədi olmayan, mədən və digər yaşayış üçün nəzərdə tutulmayan, müvafiq kommunal infrastrukturu olmayan ərazilərdə “gecəqondu” adlanan evlərin alınmasına üstünlük verir. Bu səbəbdən də Rayon İcra Hakimiyyətinə köçürülən ailələrə Mənzil-Tikinti Kooperativləri tərəfindən rayon ərazisində yeni inşa edilən binalarda əvvəlki sahələrindən 15-20 faiz artıq sahələri olan tam təmirli mənzillərlə təmin olunması tapşırılıb”.

İcra Hakimiyyətindən həmçinin bildirilib ki, artıq bu binalarda yaşayan ailələrlə Mənzil-Tikinti Kooperativi arasında Zabrat qəsəbəsi, Nərimanov küçəsi, ev 6 ünvanında inşa edilən çoxmərtəbəli binada müvafiq mənzillərin  alınması haqqında müqavilələr bağlanıb, çoxmənzilli yaşayış binasının tikintisi başa çatmaq üzrədir və ilin sonuna qədər həmin ailələri binada məskunlaşdırılması planlaşdırılır:

“Qeyd olunan binalarda yaşayan məcburi köçkün ailələrinin köçürülməsinin Bakı Şəhər və Sabunçu Rayon  İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricində olduğunu və bu məsələnin həllinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq, tərəfimizdən 9 iyun 2020-ci ildə 6/269 saylı məktubla Komitəyə müraciət olunub. Əldə edilmiş məlumata əsasən, məcburi köçkün ailələrinin Komitə tərəfindən “Qobu Park-3” yaşayış kompleksinə köçürülməsi nəzərdə tutulub. Qeyd olunan məsələnin həlli uzandığı halda, məcburi köçkün ailələrinin bu günə kimi məskunlaşdıqları binalarda gücləndirmə işləri aparıldıqdan sonra, işğal edilmiş torpaqlar azad olunana qədər həmin evlərdə yaşamaqları təmin olunacaq”.

  •  (0)
  •  (0)