Şairlərə vəfa borcumuz-Tənzilə Rüstəmxanlı yazırbackend

Şairlərə vəfa borcumuz-Tənzilə Rüstəmxanlı yazır

20 May Sabir Rüstəmxanlının doğum günüdür.

 

Arazın tikanlı məftillərdən

sıyrılıb  çıxdığı yerdə

Üzü cənuba

“Qardaş!” harayı ağzında donmuş

bir şair heykəli qoymasa,

insafı yoxdur bu millətin!

 

İnsafı yoxdur bu millətin

yaddan çıxarsa əgər

bu gün meydanları silkələyən

“millət”, “azadlıq” sözlərini

nə vaxtsa şairlərin ehtiyatlı

pıçıltısından öyrəndiyini.

 

İnsafı yoxdur bu millətin

Birdən çaşıb unutsa

“xəlqi oyadan əfqanları”,

Əsr-əsr sözlə körüklənən

soyuq qanları.

 

“Dana” başlarda “danə” başı görənləri

Düşməni qılıncdan əvvəl

sözlə  öldürənləri

“Ağıllı dəliləri”

Ürəyindən qan gedən gülməliləri !

 

… Vətəndən sürülən

Ümidi qəbir divarına hörülən,

Dərdi dünyanın belini əyən,

özü əyilməyən ərlər

Bu gün umudulsa əgər !

Bir mahnıda deyilən kimi,

“yaşamaq nəyə dəyər !…”

 

Bir şair heykəli!..

Araz qırağında…

Üzü güneyə

dilində “qardaş” harayı,

“Vətən”, “Birlik” nidası !

Dünyanın ən uzun ömürlü

heykəlləri

şair heykəlləridi,

Qorxunuz olmasın !

 

Başı buludlara dirənən

Yurdun hər yerindən görünən,

Qolları Arazla Kür kimi…

Canlı olsun,

ürəyi döyünür kimi !

 

Bütöv bir qayada yonun heykəli,

Adsız- ünvansız,

Bir aşiq heykəli,

çünun heykəli.

Çəksin könlümüzdən bu dərdi-səri,

toplasın, qoy olsun qəmin heykəli,

Bu qayaya dönən kimdir ?- sorsalar

Bir ağızdan deyək:

“Mənim heykəlim !..”

 

Bu şeri düz 25 il öncə yazmışdı,hansı ilahi bir hiss,hansı gözlə görünməyən,əllə tutulmayan bir güc, necə bir zəkanın öngörüsü söylətmişdi ona bu misraları?.Bunları yazanda görəsən Sabir Rüstəmxanlı bilirdimi ki, çox keçmədən güvəndiyi dağlara qar yağacaq ,uğruna ölümü belə gözə aldığı, canından çox sevdiyi bu millət bir çox dəyərlərini unudacaqdır, bu millətə hürriyətini qazandıran aydınların köksündə iz buraxacak yaralar açacaqdır, könlundə tikdiyi şair heykəllərini, nəfsinin köləsi olaraq yıxacaqdır. Şair bu günlərimi görmüşdü bunları yazanda? Əslində bu şeir hər şeyi deyir və bu əsərdən sonra məna axtarmaq da çətindir. Gileyi, umduğu, umacağı, gördüyü və görmək istədikləri bu misralarin içində gizlidir. Əlbəttə, anlamaq istəməyən, onsus da anlamaz.. İnsafı yoxdur bu millətin Sabir bəy.

 

Şeirimi yazıram gedər- gəlməzə,

Nəğməmi minnətsiz deyən çağımdır…

Elə düşünmə ki, yetişməz sənə

Sinəni dağıdan mənim dağımdır !…

İlahi, nə çoxmuş əyri görənin,

Şeytan əvəzinə qəlbə girənin,

Mənə tor quranın, qəfəs hörənin

Cavabı bir çələng toxumağımdır…

 

Başına gül ləçəkləri tökdüyün bu millət, o millət deyil Sabir Rüstəmxanlı, bu millətin ruhu da, sözü də çox dəyişdi, aradan zaman keçdi, çox sular yatağını dəyişdirdi, ayaqlar baş, başlar ayaq oldu Sabir Rüstəmxanlını.

 

Yenə qaibanə bir səs çağırdı,

Yenə alatoran həvəs çağırdı.

Köhnə vərdişiylə zirvələrim qar…

Həsrət daşımaqdan yol qabar-qabar,

Qayalar dişində bir cığır sapı-

Qeyb olmuş saydığım öz yerindədir.

Palıdlar ucalır şax qamətiylə

Şükür ki, bu dağlar öz yerindədir.

Qoy bilgisayarlar nə yazır, yazsın,

Sən elə qələmsən, sən elə sazsan.

Tanrı ətəyindən əl qoparmayan,

Dünyanın sirrinə əl aparmayan

Onsuz da fırlanan ilkinə dönür,

Əyri yüz əyilsin, düz yerindədir.

Sonuncu ümüdim, ünvanım kimi

Şükür ki,bu dağlar öz yerindədir.

 

Ümidinin yox olduğu bir anda, dünyanın və millətin anlamamaq dərdi belini əydiyi bir zamanda, zümrüdü anka quşu tək küllərindən yenidən doğan bir şair, bir yazar çox şükür ki, sən yerindəsən.

 

Bir kitabının adını:” Özümüzdən böyük, sözümüz” yazmışdın. Sən sözüylə böyük kişisən, Sən böyük olduğun üçündür ki, sözun də böyukdur. Sən bu millətin söz qalasısan, o söz qalasının qoruyucularından biri və təməl daşısan, savaşçısısan.

 

Çəkil torpağımdan, ey yağı düşmən,

Mən şeytan ümüdin üzən millətəm.

Dünyanı üstümə qaldırdın yeter,

Dünyanın dərdinə dözən millətəm !

Tarix yaradanam yalan yazansan

Açık okeanam, bağlı qazansan,

Torpaq becərənəm, qəbir qazansan,

Qəbri ayaq tutub gəzən millətəm.

 

Bu sənin millətindir Sabir Rüstəmxanlı. Sən tarix yaradan bir millət üçün savaşdın, içində – “nadan”lardan, siyasi mübarizələrdə səni xırdalamaq və bölgələrə, tayfalara bağlamaq istəyənlərə ən gözəl cavabı illər öncə verməmişdinmi ?

 

Məni bir ocağa, kəndə, rayona,

Bir dağ arasına,

Dərə dibinə

Balaca vadiyə

Balaca yola,

Balaca dünyaya bağlama əsla !

Sən mənim dünyamın üfüqlərini

Axtarma siyasi xəritələrdə!

Mən orda bölünmüş,

Əyalət, azlıq…

Kağızın üstündə parça-tikəyəm,

Siyasi xəritə-siyasətbazlıq!…

Mənim taleyimə kağız biganə,

Mən bu bölgülərə üsyan səsiyəm.

Mən öz istəyimlə,sözüm, ruhumla

Yurdumun bölünməz xəritəsiyəm!

 

“Qan yaddaşı” anlayışını Azərbaycanın söz luğətinə gətirəndə, kökündən qoparılmış bir millətə hardan gəldiyini xatırlatmağın savaşındaydın:

 

Bir kökumuz doğudadır

Bir kökümüz günbatanda.

Biz tarixin yoldaşıyık,

Dünya boyda bir Vətəndə

Min savaşın ağrısı var.

Damarlarda axan qanda

Zəhər oldu qədərimiz

İçdik tanrı işığı tək,

Ölüm kəsdi yolumuzu

Keçdik tanrı işığı tək.

Yakutlardan üzü bəri,

Bir qardaşdır yaxın-uzaq

Türk,azəri,türkmən,tatar, başkut,qırğız,

Özbək, qazax.

Kim aranı kəsəcəksə, bu savaşı uduzacaq.

Yenmək üçün doğulmuşuq,sərtik tanrı işığıtək.

Bir babanın övladıyiq, Türkük tanri işığıtək.

 

Bu sənin xalqındır Sabir Rüstəmxanlı. Tarix yaradan, torpağı üçün savaşan, vətəni üçün ölən bir millət sənindir, sənin ruhun və ürəyin bu millət üçündür, başqası üçün deyil.

 

Mahnımdan “qan iyi” gəlmirsə əgər,

Bu söz yarışında qələbə çalıb,

Bu söz döyüşündə ölmürsə əgər;

Hər şeirim əsgərtək qurban getməyə,

Daşqalaq edilib Şəhid olmağa

Hazır deyilsə;

Kəsin bu nəğməni, kəsin yarıda,

Deməli, haqqım yox kəlmə kəsməyə!

Bu torpaq üstündə üzü  ağlıqla

Əli ürəyində rahat gəzməyə!

Sığallı sözlərdən ətim ürpəşir,

Bağışla, kef-damaq zamanı deyil,

Üzünə yüz üzün möhürünü vuran

“Bal dodaq”,”gül yanaq” zamanı deyil.

Xəncərim dəstəksiz,qılıncım qınsız,

Sinəm qalxan kimi çapıq-çapıqdır.

Tikanlı məftillər didib könlümü,

Ən uzun mahnım var,

O “Ayrılıq”dır!

 

Sözü Şəhid olan bir Şairdən daha nə istərsiniz ki? O, millətindən ümüdünü heç kəsmədi, gözündə çox böyütdü bu milləti, bəzən qələmini mürəkkəb əvəzinə ürəyinin qanına batırıb yazsa da.

 

Gözü oyun gəzir, eyş-işrət gəzir,

Qanımız batdıqca, qan udur Bakı

Bazar havasında, pul işığında,

Suşanı, Laçını unudur Bakı.

 

Unutdu, çox şeyləri unutdu bu millət Qarabağı, Zəngəzuru, Göyçəni, Dərələyizi, Ağbabanı, Şuşanı, Xocalını unutduğu kimi unutdu, dağ əridən dərdlərini unudub, düşmənlə deyil, səninlə savaşdı, tarixini unutdu, sən unutma desən də.

 

Bu dünyada hər kəsin öz kökü var,

Kökdən qopan Allahı da danacaq.

Tək başına qızıl olsun daş divar

Özgə ocaq özgəsinə yanacaq.

Ömür borcdu, bu yükünü unutma!

Min budaq ol, öz kökünü unutma!

Öz nəfsimiz özümüzə zindandı

Günahını nəfsində gör, yurdda yox!

Kor iştahla sürülərin talansa,

Səbəbini çobanda gör,qurdda yox!

Öz sürünü, öz qurdunu unutma!

Türkə kömək, boz qurdunu unutma!

 

Bu dönümdə türk olmaq çox çətinləşdi, türkün şanlı tarixinə çirkab atanlar çoxaldi,içimizdəki türk düşmünləri də çox artdı çox, türk sözündən, türkün özündən rahatsız olanlar, bütün silah və sursatlarıyla türk milli məfkurə daşıyanlara, türk olanlara, türk millətinə xidmət edənlərə hər cəbhədən savaş açıblar, sənə düşmənlikləri də bundandır. Sən bir türk böyüyü və bu millətin azadlığının təməl daşlarından birisən, sözün də böyükdür,özün də böyüksən həzm edə bilməməkləri də ondandır.

 

Nə demişdin?

Şərə meydan açan bir söz üstündə,

Könlü şüşələnmiş bir qız üstündə,

Heysiyət üstündə, namus üstündə,

Bu millət ölməyi bacarır hələ.

Nə olsun arada nadanı artıb,

Kişi geyimində qadını artıb,

Südünün mayası çürüyüb bir az,

Düşmən torpağına yeriyib bir az,

Özgə zurnasını çalanı çoxdur,

Sözünün yaltağı yalanı çoxdur,

Nəfsini çaşdırıb əyri tərəzi,

Ruhunu kiçildib tayfa mərəzi

Nə olsun zəmi də alaksız olmur,

Çinar da yarasız,calaqsız olmur

Alıb kölgəsinə tikanlıqları,

Vüqar heykəli tək ucalır hələ,

Elə daşa dönüb öz kökü üstə,

Bu millət ölməyi bacarır hələ.

 

Bu millət daşa dönəli çox zaman oldu, Sabir Rüstəmxanlı, yenə də ümüdünü o daşdan belə üzmədin:

 

Ölməyi bacaran,ölu deyildir,

Bu yol əbədiyyət yolu deyildir,

Bu millət qulların,qulu deyildir

Öləcək, öləcək öləcək millət,

Sonra ölümünə güləcək millət,

Sonda öz gücünü biləcək millət.

Sözü şəhid olan şair; Sabir Rüstəmxanlı,

Şəhidlik ömrün tacı,

Şəhiddi baş tacımız,

Şəhiddi neçə-neçə qardaşımız, bacımız.

Allah üz döndərəndə şəhidlik-əlacımız.

Bir candı qaytarırıq-elə də minnət deyil!

Qoy tarix yenə görsün, bu adi millət deyil!

Dünya boyda evi var, evindən qovulandı,

Əzrayıl yorulanda içindən boğulandı,

O, Səməndər quşutək külündən doğulandı,

Başqasına son olan, ona fəlakət deyil,

Qoy tarix bir də görsün, bu adii millət deyil!

 

Millətinə dəli bir sevgiylə sevdalanmış şair çox yaşa, ömrün uzun olsun, olacaq da, Türk milləti var olduqca, Sabir Rüstəmxanlı da onun ən şərəfli tarixində var olacaq.

 

Doğum günün mübarək Sabir bəy !

 

Xalqım! – deye-deye divanə gəzdin,

Xalqın qulağına hakk deyen səsdin,

Sən hakkı bu qədər dönuk bilməzdin,

Heyif,Rüstəmxanlı, haqlarımıza!.

 

Tənzilə Rüstəmxanlı

 

İnterpress.az

 

  •  (0)
  •  (0)